Balaca Lalənin ürək əməliyyatı

31 İyul 2019

Lalə qızımız internatdan məzun olmuş bir gəncin övladıdır. Bu körpə balamız hələ cəmi 6 aylıq olanda (təxminən 4 ay öncə) bizə onun haqqında Daun sindromu və ürək problemləri şübhəsi ilə müraciət edilmişdi.

Müraciətdən sonra biz bu körpə balanı genetik analiz və ürək yoxlamalarından keçirtdik. Nəticədə körpənin Daun sindromlu olduğu və eləcə də ürəyində VSD-si olduğu aşkarlandı. Həkimlər ürək əməliyyatı olunmalı olduğunu bildirdilər.

Vəziyyəti xeyriyyəçi dostlarımıza bildirdik və onlar gərəkli məbləği toplayacaqlarını dedilər. Lalənin səhhətində yaranan daimi problemlər səbəbilə onu əməliyyat etmək hər dəfə qeyri-mümkün olsa da, nəhayət 4 ay sonra onun səhhəti stabilləşdi və əməliyyata hazır hala gəldi.

Bundan sonra biz Lalə qızımızı pediatrik müayinəyə, ardınca da əməliyyata hazırlanması üçün Mərkəzi Klinikada yatışa verdik.

Hazırlıqlar tamamlandıqdan sonra qızımızın ürək əməliyyatı gerçəkləşdirildi. Lalə artıq reanimasiyadan evə yazılıb və vəziyyəti get-gedə müsbətə doğru dəyişir 🙂

Bu böyük, əziyyətli, maddi xərci böyük olan işdə bizə əllərindən gələn hər cürə yardımı göstərdikləri üçün pediatr-kardioloq Vəli doktora, Mərkəzi Klinikanın idarə heyətinə, xüsusən Doktor Kamran Musayevə və nəhayət, heç bir mənfəət güdmədən yardım edən xeyriyyəçi dostlarımıza çox dərin minnətdarlığımızı bildiririk.

Birlikdə böyük bir iş bacardıq və körpə bir quzunun sağlam şəkildə həyata qayıtmasına vəsilə olduq 🙂

(31.07.2019)